Erməni girovluğundakı 5 nəfərdən ibarət ailənin taleyindən hələ də xəbər yoxdur

December 22, 2007 · Kateqoriya: Azərbaycan 

Qarabağ müharibəsinin dondurulduğu atəşkəs müqaviləsindən 13 ildən çox vaxt keçsə də, hər gün qan verən, sağalmayan yaralarımız var.
Əslən Ahıskadan olan, 1960-cı ildə Özbəkistandan Saatlı rayonuna köçən Rəhimovlar ailəsinin dərdini, ağrısını ifadə eləməyə söz tapmırıq. 1993-cü ilin oktyabrında Zəngilan rayonunda hərbi xidmətdə olan övladlarının arxasınca gedən ata və anaya iki oğul da qoşulur. Bir ailənin 4 üzvü “06”ya minib Zəngilana üz tuturlar. Elə o gedən olurlar. Birinin dalınca dördü gedir, beşi də dönməz olur. Sonradan dindirilən şahid ifadələrində ailənin öz əsgər övladını, Fəhlulu tapdığı bildirilir. Həmin şahid maşının rəngini də düzgün söyləyir. Amma ailədən bir xəbər çıxmır ki, çıxmır. Nəhayət, 1994-cü ildə erməni mənbələrindən Rəhimovlar ailəsinin Hadrut rayonunda saxlanıldığı xəbəri alınır.
Rəhimovlar ailəsinin 6 oğlu, 5 qızı var. Əsir alınmış Müsəddinin 3, Fəhlulun isə 2 uşaqlı ailəsinə baxmaq, onları ovutmaq da Nurəddin həkimin çiyninə düşən bir başqa yük olur. Onların getməsindən 14 ildən çox vaxt keçir. Ancaq ailənin qalan üzvləri ümidini üzmür, Moskvadan, Tbilisidən, müxtəlif kanallardan yollar axtararaq valideynlərinin və qardaşlarının taleyi haqqında xəbər tutmağa çalışırlar. Bu günə qədər erməni girovluğunda olan 70 nəfər ahıska türkü əsir və girovluqdan azad olunsa da, hələ də 12 nəfər düşmən əlindədir.More…
İtkin düşmüş 20 nəfər ahıska türkünün isə taleyindən heç bir xəbər yoxdur. Girovluqda olanların 5 nəfəri bir ailənin üzvləridir.
On dörd ildir ki, Saatlı rayonunun Qarayevkəndində yaşayan Rəhimovların gözləri yollardadır. Rəhimovlar ümid edirlər ki, kimsə, nə vaxtsa əzizlərinin son durumları barədə onlara dəqiq məlumat verəcək.
Xeyli müddətdir ki, kənd əhlindən başqa, kimsə onların qapılarını döymür, Rəhimovların faciəsi ilə maraqlanmır. Bu mənada, Rəhimovların bizi də təəccüblə qarşılamalarını təbii qəbul etdik. Sonradan öyrəndik ki, ötən on dörd ildə Rəhimovların qapısını kütləvi informasiya vasitələrinin nümayəndəsi kimi ilk dəfə döyən biz olmuşuq. Bu ağrıları Qarayevkənddə həmin ailənin ağsaqqalı sayılan Nurəddin Rəhimovla (kənddə hamı onu doktor Nurəddin kimi tanıyır) söhbət zamanı yaşadıq. Qeyd edək ki, Rəhimovlar 1960-cı illərdə Özbəkistandan ölkəmizə pənah gətirmiş ahıska türklərindəndir.

“O gedən getdilər”

“1993-cü ilin oktyabr ayında atam Sədri və anam Səfiyyə Zəngilanda hərbi xidmətdə olan qardaşım Fəhlulun yanına getmək qərarına gəldilər. Söhbət əsnasında qardaşım Müsəddin atamın xəstəliyini (o, infarkt keçirmişdi) və buna görə də avtomobili idarə edə bilməyəcəyini əsas gətirərək, onlarla birgə gedəcəyini söylədi. Etiraz etmədik. Bir sözlə, oktyabr ayının 23-də səhər saat 5-6 radələrində onları yola salarkən 13 yaşlı kiçik qardaşım Vaqif: “Fəhlul üçün darıxmışam”, - deyərək onlara qoşuldu”. Söhbətin bu məqamında Nurəddin həkim kövrəldi, göz yaşları içində: “Elə o gedən getdilər”, - dedi və əlavə etdi: “Halbuki, atam həmin günün axşamı qayıdacaqlarını demişdi”.

Səmərə verməyən axtarışlar

Nurəddin həkimin sözlərinə görə, qonşular, qohum-əqrəba onların yolunu daha bir gün səbirsizliklə gözləyib. Televiziya vasitəsi ilə Zəngilana ermənilərin hücumlarının daha da intensivləşməsi xəbərini alan Nurəddin həkim yaşadıqları həyəcanlı anlara son qoymaq üçün onların ardınca yollanıb. Lakin onları gördüm deyən olmayıb. O, Zəngilanın işğalından (oktyabrın 30-da) sonra da axtarışlarını davam etdirib. Hətta erməni vəhşiliklərindən canlarını qurtarmaq üçün Arazın o tayına keçən insanlar Vətənə qayıdarkən onların, demək olar ki, hər biri ilə söhbətləşib, valideynlərini, qardaşlarını xəbər alıb. Lakin yenə də onları gördüm deyən olmayıb. Bu məlumatların qaneedici olmadığını dərk edən Nurəddin min bir əziyyətlə İran tərəfə keçərək orada axtarışlarını davam etdirib. İran ərazisində yaralı halda rast gəldiyi hərbiçilərin birindən öyrənib ki, bəs oktyabrın 23-də onun valideynləri Zəngilanda - Fəhlulun yanında olublar. Hətta Sədri kişi əsgərlərimiz üçün süfrə də açıb. Elə həmin gün saat 13-14 radələrində onlar gəldikləri maşına minərək Fəhlulla birgə hərbi hissədən ayrılıblar. Nurəddin həkimin sözlərinə görə, o, bir gün istirahət etmədən düz iki il valideynlərini, qardaşlarının sorağı ilə çox yerləri dolaşıb, çox qapılar döyüb. O, sonradan Vətənə qayıdan əsirləri də diqqətdən yayındırmayıb. Demək olar ki, onların hər biri ilə görüşüb, əzizlərini soraqlayıb…Təbii ki, bu olay barədə müvafiq qurumlara məlumat verib. Hansısa qurum onların itkin düşdüklərini, hansısa qurum da girov götürüldüklərini bildiriblər.

Bu ayrılığın sonu olacaqmı?

Bu deyilənlərə Nurəddin həkim daha bir kədərli olay da əlavə etdi: “Bu söhbətdən sonra nənəm Rəmziyə çox yaşamadı. Hər gün qohum-əqrəbadan, qonum-qonşudan yeganə övladı Sədrini, gəlini Səfiyyəni, nəvələri Müsəddini və Fəhlulu, Vaqifi soruşurdu. Onlar da hər dəfə bir bəhanə gətirməklə nənəmi ovundurmağa çalışırdılar. Deyəsən, o, hamı tərəfindən aldadıldığını bilirdi, bəlkə də, elə bu səbəbdən elə vəziyyətə düşdü ki, heç ərz ediləsi deyil. Beləcə, o, bu faciədən “xəbərsiz” dünyadan köçdü”. Nurəddin həkim daha sonra Müsəddinin və Fəhlulun balalarını necə himayə etməsindən (Müsəddinin 3, Fəhlulun isə 2 övladı var), üzləşdikləri problemlərdən söz açdı. Dediyinə görə, 1995-ci ildə Saatlı Rayon Məhkəməsinin qərarı ilə onun əzizlərinə şəhidlik statusu verilib: “Aldığım cüzi müavinətlə onları boya-başa çatdırmağın necə çətin olduğu, məncə, hər kəsə məlumdur. Mənə təsir edən odur ki, indiyədək kənd əhlindən başqa, bir kimsə Rəhimovlar ailəsinin qapısını döyməyib, onlarla maraqlanmayıb”. Bu zaman Fəhlulun oğlu Fərman və Müsəddinin oğlu Kamran sözləşiblərmiş kimi bir ağızdan: “Sizin, o biri əmilərimin canı sağ olsun”, - söyləmələri həkimi daha da kövrəltdi. Yeri gəlmişkən, onu da qeyd edək ki, Sədri kişi 6 oğul, 5 qız atası olub.
Nurəddin həkimin sözlərinə görə, son illər enerjidaşıyıcılarını qiymətlərinin kəskin şəkildə artırılması onu problemlərlə üzləşdirib.
Kənd əhlindən öyrəndik ki, Rəhimovlar ailəsinin bütün ağırlığı Nurəddin həkimin çiyinlərindədir. 5 uşaq atası olan Nurəddin bu olaya qədər rayonun Xanlar kəndindəki xəstəxanada həkim vəzifəsində çalışıb. Lakin dövlət müəssisində işləyə-işləyə əzizlərinin uzunmüddətli axtarışlarının bir araya sığmadığını nəzərə alaraq, öz ərizəsi ilə işdən ayırılıb. Elə o vaxtdan da əkin-biçinlə məşğuldur. Dediyinə görə, hərdən yanına gələn xəstələrə də öz məsləhətlərini verir.
Bütün bunlara baxmayaraq, Nurəddin həkim, eləcə də bütün tanışları inamla yaşayırlar. Onlar inanırlar ki, Sədri də, Səfiyyə də, Müsəddin də, Vaqif də elə yola çıxdıqları “06” markalı qırmızı rəngli “Jiquli”də nə vaxtsa qayıdacaqlar. Təbii ki, Fəhlul də onlarla birgə olacaq.

“Həsrət yolu”nda

“Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun sənədlərinə əsasən dedi ki, 1994-cü ildə Nurəddin Rəhimov işğal olunmuş Xankəndidə yerləşən erməni alayının qərargah rəisi Elmira Ağayana zəng vurub və ondan ailə üzvlərinin Hadrud rayonunun Edilli kəndi ərazisində şəxsi evdə saxlanıldığını öyrənib: “Xocavənd rayonunun Qaradağlı kənd sakini, Beyləqan rayonunun Maçqara kəndində məskunlaşmış Məmməd Qaçay oğlu Tağıyevin verdiyi izahatda isə 1993-cü ildə erməni polis əməkdaşı Abodan aldığı məlumata əsasən, Rəhimovların Xankəndidə saxlanıldığını yazıb. Ailənin sonrakı taleyi bəlli deyil”. Esmira xanım bu faktlarla bağlı Nurəddin Rəhimovun Avropa İnsan Hüquqları Məhkəməsinə indiyədək müraciət etmədiyindən təəssüfləndiyini dilə gətirdi. “Bu həsrətin sonu varmı?” sualına isə o belə cavab verdi: “Unutmayın ki, vaxtilə Böyük Vətən müharibəsi dediyimiz qırğında əsir və ya girov götürülmüş vətəndaşlar 30-35 ildən sonra öz doğma vətənlərinə qayıdıblar”.
Nurəddin Rəhimovdan bu faktları bir daha dəqiqləşdirməyə cəhd etdik. O, Elmira Ağayanla Rusayadan əlaqə saxladığını bildirməklə yanaşı, Albert Vaskanyan adlı daha bir erməni ilə də əlaqə yaratdığını söylədi. Dediyinə görə, Albert, Elmiradan fərqli olaraq, ona ümidverici söz deməyib…

Qvami Məhəbbətoğlu,Sərraf NəzərSaatlı

www.zaman.az

Şərhlər

Cavab yaz