Ötən il Azərbaycanda 48 nəfər QİÇS-dən dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2007-ci ildə Azərbaycanda 441 yeni HİV-ə yoluxma faktı qeydə alıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onların 437-i Azərbaycan, 4-ü xarici vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşının 382-si (87,4%) kişi, 55-i (12,6%) qadındır. 2007-ci ildə HİV-ə yoluxanların əksəriyyəti - 271 nəfəri (62%) inyeksion narkotiklərin istifadəçiləridir. Ötən il Azərbaycanda QİÇS-dən 48 nəfər dünyasını dəyişib. Ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-2007-cı illər ərzində ümumilikdə 1379 nəfərdə HİV-ə yoluxma faktı qeydə alınıb. Onların 59-u əcnəbi, 1320-i isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1117-i (84,6%) kişi, 203-ü (15,4%) qadındır. QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 195, QİÇS mərhələsinə keçənlərin sayı isə 294 nəfərdir. Azərbaycanın 1320 vətəndaşından 790-da (59,8%) HİV-ə yoluxma inyeksion narkotiklərin istifadəsi, 281-də (21,3%) heteroseksual, 12-də (0,9%) homoseksual cinsi əlaqələr, 11-də (0,8%) anadan uşağa keçməklə, 1-də (0,1%) parenteral (tatuaj) yolla, 1-də isə (0,1%) donor qanının köçürülməsi nəticəsində baş verib, 224 nəfərdə (17%) yoluxma yolunu müəyyənləşdirmək mümkün olmayıb. HİV-ə yoluxmuş 1320 şəxsdən 209 nəfərinin (15,8%) respublikadan kənarda yoluxduğu müəyyənləşdirilib. 1992-2007-cı illər ərzində 416 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. 11 ailədə ata-ana-uşaq, 99 ailədə ər-arvad, 285 ailədə yalnız kişi, 21 ailədə yalnız qadın yoluxub.
M: APA www.apa.az
Neft indiyə kimi nə verib bizə?




Yüklənir...
